ELM VƏ TƏHSİL
Azərbaycan və Çin gənclərinin “Pekin-2022” mövzusunda onlayn görüşü keçirilib
Pekin, 7 fevral, AZƏRTAC
Azərbaycan və Çin gənclərinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş onlayn görüşü keçirilib
AZƏRTAC xəbər verir ki, Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin Azərbaycan dili kafedrası və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutunun dəstəyi ilə keçirilən tədbirin məqsədi qarşılıqlı mədəni tədbirlər vasitəsilə xalqlar arasında dostluğa töhfə vermək olub.
ADU-nun nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov, PXDU-nun Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev məlumatlandırma xarakteri daşıyan tədbirin iki ölkənin gəncləri arasında mədəni mübadilənin dərinləşməsinə xidmət etdiyini deyiblər.
Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbəsi Tanq Yusüən Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan PXDU və universitetdə Azərbaycan dili ixtisasının tədrisi barədə təqdimat edib. Bildirib ki, Çin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, Çində əsasən diplomat kadrların hazırlanması ilə tanınan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Ondan əvvəl isə universitetdə Azərbaycan dili 3-cü dil kimi tədris olunub. PXDU dünyada əcnəbilər üçün Azərbaycan dilinin ixtisas kimi tədris olunduğu yeganə universitetdir. Azərbaycan tərəfinin dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, Azərbaycan dilinin və mədəniyyətinin təbliğini elmi yolla reallaşdıran layihələr icra olunub. PXDU Azərbaycan dilinin və mədəniyyətinin tədrisi və tədqiqinə xüsusi diqqət ayırır. Hazırda universitetdə Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.
Universitetin Azərbaycan dili ixtisası üzrə tələbələri Hu Aycinq Pekin şəhərinin tarixi, mədəni irsi və müasir inkişafı, Çuy Çenşuo isə “Pekin-2022” Qış Olimpiya Oyunları və Çinin Olimpiya ənənəsi barədə təqdimat edib.
Görüşdə Çində yaşayan azərbaycanlı məktəblilər və çinli tələbələr Pekinin Qış Olimpiya Oyunlarına ev sahibliyinə həsr olunan şeirlər (Azərbaycan və Çin dilində) səsləndiriblər.
Tədbirdə ADU-nun nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Cinhua və digər çinli müəllimlər, eləcə də Çin dili üzrə təhsil alan tələbələr iştirak ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin