ELM VƏ TƏHSİL
“Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda elmi seminar
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çinin landşaft memarlığının milli və mənəvi ənənələrindən bəhs edərək son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə park və xiyabanların dünya standartlarına uyğun bərpa olunduğunu və yenilərinin salındığını vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin 2014-cü ildə Çinə işgüzar səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlət başçılarının xanımları ilə birlikdə Şanxaydakı qədim Yuy Yuan Parkında olduğunu xatırladıb.
Seminarda Konfutsi İnstitutunun əməkdaşları və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun əməkdaşı Nərmin Əliyeva klassik Çin bağının elementləri və quruluş xüsusiyyətləri, Çin bağ-park incəsənətinin etik-fəlsəfi aspekti, landşaft formalarının insana təsirinin izahını verən fen-şuy təlimi barədə danışıblar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasının müəllimi Fərid Kərimov, AMEA-nın Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırması şöbəsinin aparıcı elmi işçisi Sitarə Tarixazər isə dekorativ bağçılığın inkişaf tarixi və müasir Azərbaycan şəhərlərinin landşaft memarlığı təcrübəsinin özünəməxsusluğundan söz açıblar.