İQTİSADİYYAT


Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30 illiyi qeyd olunur VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu il Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümüdür. Üç onillik ərzində əməkdaşlıq və tərəfdaşlığı qeyd etmək və Azərbaycanın gələcək inkişaf səylərini müzakirə etmək üçün Azərbaycan Hökuməti və Dünya Bankı inkişaf tərəfdaşları, özəl sektor, akademik dairələr və media ilə birlikdə “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forumda bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, iştirakçılar yaranmaqda olan qlobal iqtisadi meyilləri və onların Azərbaycanın iqtisadi artıma təkan verməsi perspektivlərini müzakirə edirlər.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bakıda keçirilən forumda bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bir qədər sonra 1992-ci ilin sentyabrında dünyanın ən iri çoxtərəfli inkişaf maliyyəsi təşkilatı olan Dünya Bankına üzv olub. Son 30 il ərzində Bank milli prioritetlərin və ehtiyacların dəstəklənməsi üçün geniş spektrli bilik mübadiləsi, potensialın yaradılması və texniki yardım fəaliyyəti ilə yanaşı 4,5 milyard ABŞ dollarından çox məbləğdə 50-dən artıq investisiya layihəsini maliyyələşdirib.

“Biz Azərbaycan xalqının həyatını daha da yaxşılaşdırmaq üçün Azərbaycanla tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Qlobal və regional miqyasda rəqabətədavamlı olmaq üçün Azərbaycan indi innovasiya, insan kapitalı, kommunikasiya bağlantıları və yaşıl inkişafın təklif etdiyi yeni artım drayverlərinə diqqət yetirməlidir”, - deyə A.Byerde vurğulayıb.

Mikayıl Cabbarov forum iştirakçılarını salamlayaraq Dünya Bankının Azərbaycandakı fəaliyyətindən danışıb.

Bildirib ki, Dünya Bankının Azərbaycana dəstəyi dövlət sektoru, maliyyə və özəl sektorun inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, enerji, sosial müdafiə, təhsil və səhiyyə, nəqliyyat və bağlantılar və sair kimi bir çox sektorları əhatə edib.

Qeyd edək ki, son 30 il ərzində Dünya Bankı öz resurslarını, biliyini və təcrübəsini milli məqsədlərə və Bankın yoxsulluğun aradan qaldırılması və ortaq rifahın təşviqi kimi qoşa məqsədlərə nail olmaq yolunda Azərbaycanın irəliləyişlərini dəstəkləmək üçün təmin edib. Dünya Bankı Qrupu öz iqtisadiyyatını şaxələndirməyə və inkişaf etdirməyə və yüksək gəlirli ölkə kimi öz potensialına nail olmağa səy göstərərkən Azərbaycana kömək etmək öhdəliyinə sadiq qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.