SİYASƏT


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşü Yaponiya mətbuatının diqqətindədir

Tokio, 3 oktyabr, AZƏRTAC

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrədə keçirilən ikitərəfli görüş Yaponiya mətbuatının da diqqətindədir.

AZƏRTAC xəbər verir ki, JIJI PRESS agentliyi və “ajmedia.jp” saytı tərəfindən yapon və ingilis dillərində yayımlanan məlumatlarda 2022-ci il avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticələri əksini tapıb. Həmin görüş zamanı iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə xüsusi tapşırıq verildiyi qeyd edilib.

AZƏRTAC-a istinadla yayılmış məlumatda nazir Ceyhun Bayramovun səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətini vurğuladığı bildirilib. Azərbaycanın təklif etdiyi beş baza prinsipi əsasında müqavilənin elementlərinin detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıldığı qeyd edilib.

Məlumatlarda görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabrında deyil, oktyabrında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Qeyd edilib ki, görüş zamanı humanitar məsələlərə toxunan azərbaycanlı nazir, o cümlədən, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Həmçinin Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğu və sülh müqaviləsinin imzalanmasına hazırlığı bir daha ifadə edilib.

Yazılarda tərəflər arasında bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunduğu da əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.