İQTİSADİYYAT
Azərbaycan və Estoniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirir
Tallinn, 3 noyabr, AZƏRTAC
Estoniyanın R4 dövlət radiosunda efirə gedən “Ocaq” verilişinin növbəti buraxılışının qonağı “B.EST Solutions” İT şirkətinin Azərbaycanda təsisçisi, mobil rəqəmsal “Asan İmza” platformasının yaradıcısı və operatoru Yana Krimpe olub.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Sənəm Əliyeva ilə söhbətində Y.Krimpe elektron hökumət və elektron xidmət sahəsində qabaqcıl texnoloji qərarların qəbulunda rəhbərlik etdiyi şirkətin zəngin təcrübəsini bölüşüb. O, həmçinin “B.EST Solutions” şirkətinin reallaşdırdığı mobil elektron “Asan İmza” texnologiyası və şirkətin yaxın vaxtlarda istifadəyə buraxacağı digər innovasiyalı layihələr barədə ətraflı məlumat verib.
On il əvvəl Estoniyanın dövlət sektorunda fəaliyyətini başa çatdırmaq qərarına gəlmiş Y.Krimpe məhz Bakıda biznes həyatına bağladığını deyib: “Çünki mənim anam, nənəm, ulu nənəm Bakıda doğulub”.
“B.EST Solutions” İT şirkətinin yaradılması ideyası barədə suala Y.Krimpe belə cavab verib: “B.EST Solutions”un fəaliyyəti əsasən elektron hökumət sistemində və özəl müəssisələrdə səmərəli qərarların işlənib hazırlanmasına, həmçinin elektron imza xidməti göstərilməsinə cəmlənib. Şirkət Azərbaycanda elektron hökumətin yaradılması və inkişafında, “Asan İmza” mobil texnologiyasının tətbiqində əsas iştirakçılardan biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “ASAN xidmət” ölkənin müxtəlif idarə, müəssisə, bank və digər özəl təşkilatlarının 100-dən çox xidmətindən vətəndaşların istifadə etdiyi “bir pəncərə” xidmətidir. Bu, ilk növbədə, süründürməçiliyin aradan qaldırılmasına, bütün proseslərin elektronlaşdırılmasına, biznesin distant aparılmasına imkan verir”.
Y.Krimpe bildirib ki, bu günədək “Asan İmza” layihəsi çərçivəsində 350 mindən artıq mobil rəqəmsal imzalı sertifikat və 30 milyondan çox tranzaksiya verilib. Bu elektron xidmətin köməyi ilə mobil telefonla internetdən istifadə edib vergi deklarasiyası vermək, onlayn şirkət açmaq və 500-dən artıq digər elektron xidmətlər həyata keçirmək mümkündür.
“B.EST Solutions” şirkəti bütün dünyada təqdim olunub və mobil hökumətin inkişafı sahəsində irəlidədir. Azərbaycanda tətbiq etdiyi texnologiyalar, innovasiyalar, islahatlar sayəsində Y.Krimpe “Financial Times” və “Forbes”in Avropanın 100 innovasiya lideri siyahısına daxil edilib.
“Azərbaycan rəngarəng landşaftı olan böyük ölkədir. Uzaq dağlıq regionların əhalisinin tələbatını nəzərə alaraq, biz, həmçinin onları da müasir çağırışdan kənarda qoymadıq. Şirkətimiz mobil telefon vasitəsilə müxtəlif səviyyəyə və imkana malik uzaq yaşayış yerlərində xidməti inkişaf etdirir. Bu innovasiyalı xidmət Azərbaycandan kənarda böyük maraq doğurur, kompüter və maliyyə savadı aşağı olan, internetə çıxışı olmayan insanlara xidmət göstərir”, - deyə Y.Krimpe bildirib.
Bu günlərdə Estoniyada Şərq Tərəfdaşlığı ölkələrinin, Aİ nümayəndələrinin biznes forumu keçirilib. Azərbaycanın dövlət sektoru və işgüzar dairəsindən 30-dək nümayəndə iştirak edib. Forumda Azərbaycan ilə Aİ-yə üzv ölkələr arasında əməkdaşlıq və biznesin inkişafı məsələləri müzakirə edilib.
“Mənə bu mühüm beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmək şərəfi nəsib oldu. Bu forumda biz, həmçinin dövlətlə əməkdaşlıq nəticəsində yaradılmış özəl və dövlət sektorunun tərəfdaşlığı prinsipi layihəsini – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağını təqdim etdik. Bu layihə Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən Çin və Türkiyənin daxil olduğu İpək Yolu ölkələri, Aİ-yə üzv olan, Şərq Tərəfdaşlığı, GUAM ölkələri ilə elektron transsərhəd xidmətlərinin yaradılmasını nəzərdə tutur. Bu layihə vasitəsilə sahibkarlar elektron şəkildə ixrac-idxal əməliyyatlarını çox asanlıqla yerinə yetirəcəklər. Hər bir azərbaycanlı sahibkar yaradılan azexport.az portalında öz məhsulunu dünyanın “Ebay”, “Alibaba”, “Amazon” kimi məşhur ticarət meydançalarında satışa çıxara bilər, yəni dünya alıcılarına çıxış əldə edə bilər. Bu meydançalar gələcəkdə transsərhəd xidmətlərlə də təmin oluna bilər. Məsələn, Çindən və Azərbaycandan olan biznesmenlər onlayn şirkət aça, elektron şəkildə müqavilələr imzalaya bilərlər”, - deyə Y.Krimpe fikirlərini bölüşüb.
Y.Krinpe diqqətə çatdırıb ki, Estoniya bütün dünyada e-rezident layihəsi ilə tanınıb, Azərbaycan ilk ölkədir ki, M-rezident layihəsinin tətbiqini təsdiq etməklə rəsmi olaraq Estoniyanın nümunəsini davam etdirib. Bu layihə vasitəsilə respublikada öz biznesinə başlamaq istəyən xarici iş adamları Azərbaycanın hər bir səfirliyində Mobil-İD əldə edə bilər.
“B.EST Solutions” İT şirkətinin başçısı Azərbaycan barədə təəssüratlarını da bölüşüb: “Bu gün mənim iki doğma evim var, ürəyim mənə doğma olan iki ölkə - Estoniya və Azərbaycana bölünür. Mən Estoniyanın və Azərbaycanın ən yaxşı nailiyyətlərindən istifadə etməklə, iki ölkənin mədəniyyətinə öz töhfəmi çatdırmağa çalışıram. Ölkələrimiz sıx əməkdaşlıq etməklə, zəngin təcrübələrini bir-birindən mənimsəməlidirlər. Mənim estoniyalı dostlarım Azərbaycana gələndə, çox müsbət emosiyalar yaşayırlar. Çünki Azərbaycan bütün stereotipləri qıraraq yüksək qonaqpərvərliyə malik təhlükəsiz, tolerant ölkədir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn