SİYASƏT


Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 17 yanvar, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yanvarın 17-də bu ölkənin parlament sədrinin müavini, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Kaxaber Kuçava ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə parlamentlərarası dostluq qrupları arasında münasibətlər, qanunvericilik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Səfir Dursun Həsənov iki ölkənin parlamentləri arasındakı dostluq münasibətlərinin inkişafından məmnunluqla danışıb, fevralın 9-da Milli Məclisə keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq yeni dostluq qrupunun da bu ənənəni davam etdirəcəyinə əmin olduğunu vurğulayıb.

Öz növbəsində K.Kuçava bildirib ki, Azərbaycan parlamentinə keçiriləcək seçkilərdən sonra qanunverici orqanda Gürcüstanla dostluq qrupu formalaşdırılacaq. Dostluq qruplarının qarşılıqlı səfərləri və digər tədbirlər planlaşdırılacaq.

“Biz, həmçinin il ərzində Gürcüstanda etnik azərbaycanlıların yaşadıqları bölgələrdə həyata keçirə biləcəyimiz müxtəlif tədbirlər barədə fikir mübadiləsi apardıq. Həmin bölgələri təmsil edən deputatlar bu prosesə fəal cəlb olunacaqlar. Düşünürük ki, bu, ümumi işin xeyrinə olacaq”, - deyə Kuçava vurğulayıb.

Qeyd edək ki, K.Kuçava ötən ilin dekabrında Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna rəhbər təyin edilib. Dostluq qrupunda 62 deputat təmsil olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.