CƏMİYYƏT


Azərbaycan və Hindistan arasında tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb

Bakı, 18 aprel, AZƏRTAC 

Hindistanın Azərbaycandakı səfiri Şri Bavitlunq Vanlalvavna Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub, rektor və tələbələrlə görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfirlə görüş zamanı universitetin rektoru, professor Gəray Gəraybəyli qonağa ATU-da təhsil alan xarici tələbələr, onların təhsili üçün yaradılmış şərait haqqında məlumat verib: "Tibb Universiteti Azərbaycanda ən çox xarici tələbə cəlb edən ali məktəblərdən biridir. Ümumilikdə 31 ölkədən tələbələrimiz var. Hazırda Tibb Universitetində 35 hindistanlı tələbə təhsil alır. Xarici tələbələr üçün ayrıca yataqxanamız da mövcuddur”.

Rektor G.Gəraybəyli qonaqlara xarici tələbə qəbulunun artıq yeni üsulla - “Skype” vasitəsilə müsahibə yolu ilə həyata keçirildiyini, ATU-ya qəbul olan xarici tələbələrin əvvəlcə hazırlıq kursu keçməli olduğu haqqında məlumat verib.

Səfir Azərbaycan və Hindistan arasında rəsmi əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin səhiyyə və təhsil sahəsində də gücləndirilməsinin vacibliyini qeyd edib: “Universitetinizin müasir tədris binaları, klinikaları ilə tanış olduq. Bizim tələbələrə göstərdiyiniz diqqət, qayğı və dəstəkdən məmnun olduq. Çox istərdik ki, Hindistandakı Tibb Kollecləri ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq münasibətləri olsun”.

Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ali məktəbdə təhsil alan hindistanlı tələbələr, onların təhsildə qazandıqları uğur, ictimai aktivlikləri haqqında məlumat verib. Görüş zamanı, həmçinin iki ölkə arasında tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

Şri Bavitlunq Vanlalvavnanın başçılığı ilə səfirlik nümayəndələri universitetdə təhsil alan hindistanlı tələbələrlə görüşüblər. Səfir tələbələrlə tanış olub, onları maraqlandıran məsələlər haqqında danışıb.

Görüşdə Tibb Universitetinin xarici tələblərlə iş üzrə dekanı Qorxmaz Əhmədov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.