CƏMİYYƏT


Azərbaycan və Hindistanın aparıcı əczaçılıq şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilən tədbirlərin bir hissəsi olaraq, Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) ilə birgə “Əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığı” mövzusunda hibrid rejimdə ikitərəfli görüş – vebinar təşkil edib. Tədbirdə 130-dan çox iştirakçı, o cümlədən Azərbaycanın müvafiq dövlət qurumlarının, Pharmexcil, səfirliyin, Hindistan və Azərbaycanın aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Hindistanın əczaçılıq sənayesinin qlobal əczaçılıq sektorunda hakim mövqedə olduğunu bildirib. İştirakçılara yeni əməkdaşlıq imkanları barədə məlumat verən səfir, Hindistanda hər gün 8 milyon RT-PCR testinin istehsal olunduğunu qeyd edib, bildirib ki, 200-ə yaxın Hindistanın əczaçılıq məhsulu Azərbaycanda artıq qeydiyyatdan keçib. Səfir Hindistanın sağlam iqtisadi artım nümayiş etdirdiyini və Beynəlxalq Valyuta Fondunun bu maliyyə ilində Hindistan iqtisadiyyatı üçün 9,5 faiz artım olacağını proqnozlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu iqtisadi artımın səbəbi Hindistan iqtisadiyyatında aparılan son islahatlar, o cümlədən yeni vergi qanunlarının təqdim olunması, İstehsal ilə əlaqəli Təşviq Proqramları, İnkişaf üzrə Maliyyə İnstitutunun qurulması, əmək qanunlarının qəbul olunması, aktivlərin monetizasiyası proqramının işə salınması, telekommunikasiya sektorunda investisiya siyasətinin liberallaşdırılması və s. ola bilər.

Tədbirdə Azərbaycanın Səhiyyə Nazirliyinin Analitika Ekspertiza Mərkəzinin Qeydiyyat və Ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov Azərbaycanda dərman qeydiyyatı prosesi barədə təqdimatla çıxış edib. Azərbaycan Respublikası Tarif Şurasının Baş Məsləhətçisi Vüsal Dəmirov Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi barədə məlumat verib. İcbari Tibbi Siğorta Agentliyinin Satınalma və təchizat şöbəsinin müdiri Rəşidə Abdullayeva Azərbaycanda əczaçılıq məhsullarının dövlət satınalması prosesi barədə danışıb.

Pharmexcil-in tənzimləmə məsələləri üzrə direktoru Lakşmi Prasanna “Hindistan əczaçılıq sənayesi və onun dünyaya töhfəsi” mövzusunda təqdimatı zamanı Hindistan əczaçılıq formulalarının ixracının həcminə görə 3-cü, dəyərinə görə 10-cu yer tutduğunu və dünyanın aparıcı 20 qlobal generik dərman istehsalı şirkətinin 8-nin Hindistan şirkəti olduğunu bildirib. Eyni zamanda, o Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiya olunmuş Aktiv əczaçılıq maddələrinin (API) 90 faizini Hindistanın təmin etdiyini nəzərə çatdırıb.

Tədbirdə Macromedicine konsaltinq şirkətinin nümayəndəsi Ülviyyə Azməmmədova Azərbaycanda dərman sənayesi sahəsində bazar imkanları barədə məlumat verib. “Avromed” şirkətinin İdxal üzrə Meneceri Orxan Quliyev bu şirkətlə Hindistanın dərman şirkətləri ilə əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib. Hər iki tərəfin iştirakçıları faydalı müzakirələr apararaq, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayınadək Hindistanın dərman məhsullarının qlobal ixracı 24,5 milyard ABŞ dolları təşkil etmişdir. Hindistan dünya əczaçısı olaraq, 200-dən çox ölkəni generik dərmanlarla təmin edir, həmçinin ÜST peyvənd tələbatının 70 faizini Hindistandan alır. Hindistan öz əhalisinə artıq 960 milyon dozadan çox COVID-19 peyvəndi vurub, 90-dan çox ölkəni 66 milyon doza COVID vaksini ilə təmin edib.

2021-ci ilin yanvar-iyul ayları ərzində Hindistan Azərbaycana keçən ilin eyni dövrü ilə müqayisədə 96 faizdən çox artımla 15,8 milyon ABŞ dolları dəyərində dərman məhsulları ixrac edib. Bu dövrdə Hindistanın Azərbaycan bazarındakı payı 5,3 faizə qədər yüksəlib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.