CƏMİYYƏT
Azərbaycan və İran jurnalistlərinin qarşılıqlı səfərləri intensivləşdirilməlidir
Bakı, 10 dekabr, Ülviyyə Məmmədli, AZƏRTAC
Azərbaycan və İran jurnalistlərinin qarşılıqlı səfərləri intensivləşdirilməlidir. Bu, jurnalistlərin ölkələrimizin tarixini, mədəniyyətini, adət-ənənələrini daha yaxından öyrənmələri və onlar arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması baxımından böyük önəm kəsb edir.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində İranın “Dəniz” qəzetinin və “Dəniz Nyus” saytının məsul müdiri Mustafa Quluzadə deyib.
M.Quluzadə Azərbaycan jurnalistlərinin bir qrupunun bu yaxınlarda Urmiyaya səfər etməsinin faydalı nəticələri olacağına əminliyini bildirib. O, jurnalistlərlə yanaşı, şairlərin, yazıçıların da qarşılıqlı səfərlərinin təşkilinin zəruriliyini qeyd edib.
Bir neçə dəfə Azərbaycanda olduğunu deyən M.Quluzadə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini xatırladıb. O, Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda aktual mövzuların müzakirə olunduğunu, özünün də “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa” da iştirak etdiyini diqqətə çatdırıb. M.Quluzadə AZƏRTAC-ın təşkilatçılığı ilə keçən həmin “dəyirmi masa”da informasiya cəmiyyətinin bir sıra aktual problemləri ilə bağlı olduqca səmərəli müzakirələrin aparıldığını bildirib.
M.Quluzadə “Dəniz” qəzetində və “Dəniz Nyus” saytında Azərbaycanla bağlı məlumatlar yayarkən əsasən AZƏRTAC-ın informasiyalarından istifadə etdiklərini vurğulayıb. “Ümumiyyətlə biz hər gün AZƏRTAC-a istinadən ən azı bir xəbər yayırıq”, - deyə o, əlavə edib.
Azərbaycan ilə İran arasında əlaqələrin son vaxtlar sürətlə inkişaf etdiyini deyən məsul müdir hər iki ölkənin prezidentlərinin və digər yüksək səviyyəli rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verdiyini vurğulayıb.