SİYASƏT


Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov bir əməkdaşın şəhid olması və iki əməkdaşın yaralanması ilə nəticələnin terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”na əsasən, səfirliyin binasının hər cür hücumlardan qorunmasının və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğu qarşı tərəfə bir daha xatırladılıb. Terror aktını törədən şəxsin İranın səlahiyyətli qurumları tərəfindən tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkilində və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb edilib.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. O, İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

Həmçinin saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığı, onun yüksək cəzaya məruz qalacağı bildirilib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.

İranın xarici işlər naziri bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə ümid etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.