İQTİSADİYYAT
Azərbaycan və İranın iş adamları üçüncü ölkələrə birgə sərmayə qoya bilərlər
Tehran, 25 sentyabr (AZƏRTAC). İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial var.
Bu barədə danışan İranın ticarət və sənaye palatasının sədr müavini Əli Əkbər Farizi qeyd edib ki, İran Asiya ölkələrinə sərmayə yatırmaqda azərbaycanlı iş adamlarına kömək göstərə bilər. Azərbaycan isə iranlı sahibkarların Rusiya ilə əlaqələrinin genişlənməsinə yardım etmək imkanına malikdir.
Ə.Ə.Farizi deyib ki, Azərbaycan və İranın iş adamları, eyni zamanda, üçüncü ölkələrə birgə sərmayə qoya bilərlər. Bu imkanlardan istifadə qarşılıqlı və faydalı iqtisadi əlaqələri yüksəldəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran