SİYASƏT


Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Respublikasının və İtaliya Respublikasının Xarici İşlər nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, İtaliya nümayəndə heyətinin əvvəlcə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, səfir Nadir Hüseynov ilə görüşü olub. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf edən münasibətlərimiz müzakirə edilib.

Daha sonra ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 26-cı ildönümünün qeyd edildiyi əlamətdar gündə keçirilən konsulluq məsləhətləşmələri açıq elan edilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Faiq Bağırov, İtaliya nümayəndə heyətinə isə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Xaricdə yaşayan İtalyanlar və Miqrasiya Siyasəti İdarəsinin rəisi, Səlahiyyətli Nazir Luigi Vignali rəhbərlik edib. Görüşdə, həmçinin İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfiri və nümayəndə heyəti, eləcə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan İtaliya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən yeni sazişlərin imzalanması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsini tənzimləyən milli qanunvericilikdə həyata keçirilmiş son dəyişikliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin İtaliya və Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsi istiqamətində dolğun və düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Səfir Faiq Bağırov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə danışıb, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan Hökumətinin razılığı olmadan icazəsiz səfərlərin və qeyri-qanuni iqtisadi və digər növ fəaliyyətlərin qarşısının alınması üçün İtaliya Respublikası səlahiyyətli dövlət orqanları tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılıb.

Səfir Faiq Bağırov, həmçinin beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq çərçivəsində Azərbaycanın “Ekspo 2025”ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə İtaliya tərəfində məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.