ELM VƏ TƏHSİL


Azərbaycan və İtaliya alimləri Mingəçevir su anbarı ərazisində birgə tədqiqatlar aparıblar

Bakı, 3 dekabr, AZƏRTAC 

İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) Ətraf Mühitin Təhlili Metodologiyası İnstitutunun əməkdaşı, professor Luçiano Teleska noyabrın 26-dan dekabrın 1-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd “Mingəçevir ərazisində (Azərbaycan) su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” layihəsinə dair əldə olunan nəticələrin müzakirəsi və bu mövzuda elmi seminarın təşkili olub. Layihənin icrasında AMEA-nın Geologiya və Geofizika institutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Seminarda Azərbaycan tədqiqat qrupunun üzvləri - yer elmləri üzrə fəlsəfə doktorları Rafiq Səfərov, Səbinə Kazımova və böyük elmi işçi Şirin İslamovanın elmi araşdırmalarının nəticələri müzakirə edilib. Layihənin rəhbərləri AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və professor L.Teleska 2018-ci ildə seysmik zəlzələ effektinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı yeni nəticələrin əldə olunduğunu qeyd ediblər.

Alimlər, həmçinin Mingəçevir su anbarı ətrafında baş verən zəlzələlərin və su səviyyəsinin dəyişməsinin klaster analizlərinin və GPS stansiya məlumatlarının fraktal və spektral analizinin nəticələrinə dair impakt faktorlu jurnalda çapa hazırlanacaq məqalə ilə bağlı fikir mübadiləsi aparıb, 2019-cu ildəki iş planını müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.