ELM VƏ TƏHSİL


Azərbaycan və İtaliya alimləri nanostrukturlaşdırılmış polimerlərin alınması sahəsində əməkdaşlıq edəcəklər

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQÜKİ), İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun birgə təşkilatçılığı ilə “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” öz işini davam etdirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun elmi işçisi Giovanna Buonocorenin “Aktiv qablaşdırmalar üçün innovativ polimer materiallar”, həmin institutun əməkdaşı Marino Lavorqnanın “Quruluş və funksional tətbiqlər üçün qrafen-polimer nanokompozitlər” və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor Vaqif Əhmədovun “Tərkibində metal olmayan polimer karbon nitrid üzərində kataliz” mövzusunda məruzələri dinlənilib.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

AMEA-nın vitse–prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev bildirib ki, son vaxtlar AMEA-nın xarici ölkələrin elmi mərkəzləri və institutları ilə əlaqələri genişlənir. Bu baxımdan keçirilən tədbir böyük əhəmiyyət kəsb edir və Azərbaycan-İtaliya elmi əlaqələrinin daha da genişləndirilməsinə təkan verəcək. Akademik KQÜKİ ilə İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutu arasında nanostrukturlaşdırılmış polimer materialların alınması və dizaynı sahəsində elmi əlaqələrin gücləndirilməsinin, bu sahədə təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb və yaxın zamanlarda iki institut arasında əməkdaşlıq müqaviləsinin imzalanacağı barədə razılaşma olduğunu söyləyib.

Seminarda AMEA Polimer Materialları, Neft –Kimya Prosesləri, Fizika və Biofizika institutlarının alimləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.