ELM VƏ TƏHSİL
Azərbaycan və İtaliya alimləri ölkəmizdə mövcud seysmik təhlükələrə dair müzakirələr aparıblar
Bakı, 14 fevral, M.Dadaşov, AZƏRTAC
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda “Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi: məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Geologiya və Geofizika İnstitutunun və İtaliyanın Milli Tədqiqatlar Şurası (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun alimləri Azərbaycan ərazisində mövcud seysmik təhlükələr, o cümlədən Abşeron yarımadasında və Xəzər regionunda gedən geodinamik proseslər müzakirə ediblər.
AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Fəxrəddin Qədirov bildirib ki, seminar İMTŞ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycan Respublikası ərazisinin seysmikliyinin məkan-zaman təhlili və seysmik təhlükənin qiymətləndirilməsi” layihəsi əsasında təşkil olunub. Seminarın keçirilməsinin məqsədi tədqiqatların gedişatına nəzər salmaq və araşdırmaların yeni istiqamətlərini müəyyənləşdirmək, həmçinin gənc alimlərin mövzu ilə bağlı elmi biliklərini artırmaqdır.
Akademik diqqətə çatdırıb ki, AMEA ilə İMTŞ arasında əməkdaşlıq yeddi ilə yaxındır davam edir və bu müddətdə artıq beş layihə həyata keçirilib. Tədqiqatların nəticələrinə dair 10 məqalə “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsinə daxil olan jurnallarda dərc edilib. Ötən il İMTŞ-in rezidenti, professor Massimo İnquskyonun iştirakı ilə imzalanmış beşillik müqavilə bu əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub.
F.Qədirov Ərəbistan-Avrasiya plitəsində müşahidə olunan geodinamik proseslər və bunun təsiri ilə Abşeron yarımadasında yaranan tektonik gərginliklərdən danışıb. Vurğulanıb ki, Abşeron və Xəzər regionunun geodinamik vəziyyətinin tədqiqi sahəsində yeni yanaşmalar, o cümlədən müasir riyazi statistik üsullar tətbiq olunub.
Sonra L.Teleska “2003-2016 illər ərzində Azərbaycanın və ətraf ərazilərin seysmikliyinin məkan-zaman-maqnituda paylanılmasının statistik təhlili” mövzusunda məruzə ilə çıxış edib. O, son illər azərbaycanlı həmkarları ilə birgə ölkəmizin ərazisində apardığı tədqiqatların nəticələri barədə məlumat verib, növbəti mərhələdə görüləcək işlərdən danışıb. Qeyd edilib ki, Qafqazda fəal seysmik ocaqlarla bağlı məlumatların baza halında toplanılması tədqiqatlar üçün böyük əhəmiyyət daşıyır. Bu məlumatlardan istifadə etməklə tədqiqatları davam etdirmək zəruridir.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin də iştirak etdiyi tədbirdə GGİ-nin geotektonika və regional geologiya şöbəsinin rəhbəri, akademiyanın müxbir üzvü Tələt Kəngərli, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişli, geologiya üzrə fəlsəfə doktorları Qulam Babayev və Rafiq Səfərovun müvafiq mövzuya dair məruzələri dinlənilib.
Seminar işini fevralın 15-də davam etdirəcək.