CƏMİYYƏT
Azərbaycan və İtaliya arasında seysmologiya sahəsində ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan İtaliya Milli Tədqiqat Şurasının üzvü, İtaliyanın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun professoru Lusiano Teleska Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri bölməsində bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, akademiyanın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağa Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış nəticələr haqqında ətraflı məlumat verilib.
L.Teleska Azərbaycan seysmoloqlarının gördüyü işləri yüksək qiymətləndirərək burada aparılan tədqiqatların maraq doğurduğunu qeyd edib.
Tərəflər arasında İtaliya və Azərbaycan arasında seysmologiya sahəsində ikitərəfli əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.