İQTİSADİYYAT
Azərbaycan və Koreya Respublikası yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Kоreya Respublikasının Azərbaycandakı səfiri Kim Tong Op və müşaviri Yim Jeanhyuk İnnovasiyalar Agentliyinin fəaliyyəti ilə tanış olublar.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli qonaqlara Azərbaycandakı innovativ inkişaf və ekosistem, agentliyin yenilənmiş fəaliyyəti, qısa zamanda həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Görüş zamanı iki ölkə arasında innovasiya və yüksək texnologiyalar sahəsindəki əməkdaşlıq perspektivləri, mümkün ola biləcək qarşılıqlı əlaqələr, investisiya imkanları müzakirə olunub. Qonaqlar xarici startapların, layihələrin və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkanlar və prosedurlar barədə geniş məlumat əldə ediblər.
Sonda qonaqlar agentliyin strukturu, burada fəaliyyət göstərən laboratoriya, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.