İQTİSADİYYAT


Azərbaycan və Koreya arasında gömrük əməkdaşlığına dair saziş imzalanıb

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan və Koreya arasında gömrük əməkdaşlığına dair saziş imzalanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüş keçirib.

Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ilə keçirilən görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə gömrük işinin bütün sahələrində, xüsusilə də ticarətin asanlaşdırılması, risk analizləri, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon Azərbaycanla əməkdaşlığa önəm verdiklərini bildirib, eləcə də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolunu qeyd edib.

Görüşdə Azərbaycan və Koreya gömrük orqanları arasında əməkdaşlıqdan razılıq bildirilib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunub.

Tərəflər xüsusilə vurğulayıb ki, Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək.

Sonra görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.