İQTİSADİYYAT
Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanmışdır
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında saziş imzalanmışdır.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sazişi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn imzalamışlar.
Saziş Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək verməyi, iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya Respublikası Hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan Respublikası Hökumətinə kreditlər verməsini nəzərdə tutur.
Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığın ümumi çərçivəsini müəyyən edir.
İmzalanma mərasimində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanmış, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunmuşdur.