İQTİSADİYYAT
Azərbaycan və Küveyt arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan və Küveyt arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb.
Noyabrın 16-da “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırılıb ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.
Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişindaşımalarına olan tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı “Azərbaycan Hava Yolları” və yük daşıyıcısı “Silk Way Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.
Qeyd edək ki, sazişin imzalanması cari il noyabrın 24-də Küveytdə keçirilməsi nəzərdə tutulan Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.