SİYASƏT


Azərbaycan və Latviya XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Latviya arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər. Bu xüsusda, Azərbaycan ilə Latviya arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Yaradılması haqqında Bəyannamə xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilib.

Tədbirdə ikitərəfli iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğu qeyd edilib, iqtisadi-ticari, elmi-texniki və mədəni sahələrdə əlaqələrin təşviqinə dair məsələlərin müzakirəsi və həlli məqsədilə Hökumətlərarası Komissiyanın növbəti - 8-ci iclasının 2021-ci ildə keçirilməsinin mümkünlüyünə inam ifadə olunub.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, hər il çox sayda azərbaycanlı gəncin Latviya universitetlərində təhsil almasından məmnunluq bildirilib.

Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin sülh yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkilib. X.Xələfov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib.

Nazir müavini Latviya tərəfinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən iyulun 12-16-da Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı və sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı barədə məlumat verib. X.Xələfov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etdiyini, münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturun məqsədyönlü şəkildə raket atəşinə tutduğunu, sentyabrın 27-dən etibarən ölkəmizə qarşı yeni hərbi təxribatları nəticəsində 65 mülki şəxsin həyatını itirdiyi və 300-ə yaxın dinc sakinin yaralandığını həmsöhbətinin diqqətinə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində özünümüdafiə hüququna əsaslanaraq, Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün hərbi-siyasi tədbirləri davam etdirir. Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərində Silahlı Qüvvələrimizə qarşı müharibə aparmasına görə tam məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam tərk etməyənədək bölgədə dayanıqlı sülh təmin oluna bilməz.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.