CƏMİYYƏT
Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın yeddinci iclasının protokolu imzalanıb
Bakı, 21 iyun, AZƏRTAC
Latviya Respublikasının nəqliyyat naziri Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin məqsədi Azərbaycan və Latviya Respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 20-də Hökumətlərarası Komissiyanın həmsədri U.Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.
Daha sonra hər iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
İclası giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri Hüseyn Bağırov ölkələrimiz arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Latviya Respublikasının nəqliyyat naziri Uldis Auqulis çıxış edərək qeyd edib ki, ölkələrarası əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Nazir iqtisadi əməkdaşlığın getdikcə daha da möhkəmlənəcəyini və bunun da iki ölkə arasında ticarət dövriyyəsini ildən-ilə artıracağını vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit və regional inkişaf, ikitərəfli ticarətin və investisiyanın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, turizm, səhiyyə, nəqliyyat, rabitə və kommunikasiya sahəsində əməkdaşlıq üzrə məsələlər müzakirə edilib.
H.Bağırov bildirib ki, ölkələr arasında mövcud olan dostluq münasibətləri, böyük iqtisadi potensial, yaradılmış hüquqi baza, əlverişli investisiya mühiti əməkdaşlığın daha da genişləndirilməsinə və bundan sonra keyfiyyətcə yeni mərhələyə qaldırılmasına zəmin yaradır.
İclasın sonunda Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın yeddinci iclasının protokolu imzalanıb.