CƏMİYYƏT


Azərbaycan və Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Bakı, 21 may, AZƏRTAC

Latviyada “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sənəd “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində imzalanıb.

Anlaşma Memorandumu iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edir. Sənəd qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin tərəflərin ərazilərində qüvvədə olan milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçirilməsini təmin edəcək. Bundan əlavə, Memorandum “tarladan süfrəyədək" prinsipinə uyğun olaraq, qida, o cümlədən baytarlıq nəzarətində olan məhsulların optimal səviyyədə təhlükəsizliyini qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad və maneəsiz ticarətə dəstək verilməsini nəzərdə tutur. Həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində mütəxəssislər arasında təcrübə mübadiləsi, ölkələrin epizootik vəziyyəti, eləcə də qida təhlükəsizliyinin təmin edilməsinə dair digər zəruri istiqamətlər üzrə informasiya mübadiləsi kimi bir sıra məsələlər əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.