İQTİSADİYYAT
Azərbaycan və Litva rabitə və yüksək texnologiyalar sektorunda birgə fəaliyyəti dəstəkləyirlər
Avropa Birliyi Komissiyasının tədqiqat və innovasiya üzrə “Horizon-2020” proqramında Azərbaycan və Litva tərəfinin birgə iştirakı vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun ölkəmizdə səfərdə olan Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviciusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söhbət gedib.
Əli Abbasov Azərbaycan ilə Litva arasında bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sektorunda qarşılıqlı əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Ölkəmizdə aparılan məqsədyönlü islahatlar barədə məlumat verən nazir qeyd edib ki, Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014”-də Azərbaycanın “Şəbəkələşmə hazırlığı indeksi” üzrə dünyada 49-cu yerdə, genişzolaqlı internet abunəçilərinin sayına görə isə MDB-də lider mövqedədir. Nazir, həmçinin ölkənin prioritet istiqamətlərinə daxil olan kosmik sənaye, genişzolaqlı internet, yüksək texnologiyalar, o cümlədən, nüvə, nanotexnologiyaların inkişafı üzrə gələcək fəaliyyət planından danışıb.
Azərbaycan ilə əməkdaşlıq sahəsində maraq doğuran istiqamətlərdən söz açan Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkevicius xüsusən kibertəhlükəsizlik, poçt sahəsində pulköçürmələri, “Elektron imza” layihələri üzrə birgə fəaliyyəti dəstəklədiyini bildirib. Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in xidmətlərinə maraq göstərdiklərini deyən litvalı qonaq sözügedən istiqamətlər üzrə əməkdaşlıq təkliflərinin nəzərdən keçirilməsi üçün ekspertlərdən ibarət işçi qrupun yaradılmasını təklif edib.
Görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.