CƏMİYYƏT


Azərbaycan və Litvanın yerli idarəetmə orqanlarının nümayəndələri arasında onlayn görüş keçirilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycan və Litvanın yerli idarəetmə orqanlarının və onların milli assosiasiyalarının nümayəndələri arasında onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, onlayn görüşün iştirakçıları hər iki dövlətin yerli idarəetmə orqanlarının koronavirus pandemiyası dövründə həyata keçirdikləri mübarizə tədbirləri, Azərbaycan və Litvanın yerli qurumlarının gələcək əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası işçi qrupunun və regional məsələlər komitəsinin üzvü Kamran Bayramov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev əvvəlcə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun parlaq Qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, həmin ərazilərdə infrastrukturun müasir səviyyədə bərpası istiqamətində görülən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, hər iki ölkənin yerli idarəetmə qurumları və onların milli assosiasiyaları arasında yaranmış əlaqələr və qarşılıqlı əməkdaşlıq haqqında müqavilələrdən irəli gələn vəzifələr dövlətlərarası dostluq münasibətlərinin inkişafına böyük töhfələr verir.

Litva Yerli Hakimiyyətlər Assosiasiyasının rəhbəri Mindauqas Sinkiavikiçus əvvəlcə azərbaycanlı həmkarlarını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edib, gələcəkdə Qarabağda bələdiyyələrin yaradılması prosesində təcrübə mübadiləsi və praktiki məsələlərdə əməkdaşlıq etməyə hazır olduqlarını deyib. Mindauqas Sinkiavikiçus milli assosiasiyalar arasında ötən dövrdə yaradılmış əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Litva Yerli Hakimiyyətlər Assosiasiyasının direktoru Roma Zakaitene, Trakay şəhərinin meri Edite Rudeline, Okmyane şəhərinin meri Vitaliy Mitrofanov, Pasvalis şəhərinin meri, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Litva nümayəndə heyətinin rəhbəri Gintautas Qedijinskas hər iki tərəfin postpandemiya dövründə əməkdaşlıq perspektivlərindən danışıblar.

Onlayn görüşdə son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Naftalan şəhərində aparılan sosial-iqtisadi layihələr barədə də məlumat verilib. Qeyd olunub ki, bu nadir sağlamlıq məkanının turizm potensialı daha da yüksəlməklə xarici turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Yekunda hər iki dövlətin yerli idarəetmə orqanları arasında qardaşlaşmış şəhərlər layihəsinin vacibliyi və yaxın gələcəkdə yeni tərəfdaşların müraciətləri əsasında əlavə müzakirələrin təşkil ediləcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.