MƏDƏNİYYƏT


Azərbaycan və Macarıstan arasında sıx mədəni əlaqələr mövcuddur

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Macarıstanın Azərbaycandakı səfirliyində keçirilən mərasimdə tərcüməçi və publisist Rasim Müzəffərliyə diplomatik nümayəndəliyin mükafatı təqdim edilib. O, bu mükafata görkəmli macar şairi, filosofu və dramaturqu İmre Madaçın “İnsanın faciəsi” əsərinin tərcüməsinə görə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini açan Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi kitabın Azərbaycan oxucusuna təqdim olunmasında göstərdiyi səylərə görə tərcüməçiyə təşəkkür edib. Səfir qeyd edib ki, Azərbaycan və Macarıstan arasında sıx mədəni əlaqələr mövcuddur və macar yazıçılarının kitablarının tərcümə edilərək azərbaycanlı oxucuya təqdim olunması iki dost xalqın daha da yaxınlaşması işinə töhfə verir. “Çox şadam ki, azərbaycanlı oxucular İmre Madaç kimi istedadlı yazıçının yaradıcılığı ilə tanış ola biləcəklər. Əminəm ki, Azərbaycanda macar ədəbiyyatı və incəsənətinə maraq daha da artacaq”, -deyə diplomat vurğulayıb.

Sonra V.Sederkenyi tərcüməçiyə Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə medal təqdim edib.

R.Müzəffərli göstərilən diqqətə görə səfirə təşəkkürünü bildirərək diqqətə çatdırıb ki, hələ gənclik illərində macar xalqına sevgi hissləri bəsləyib, bu ölkənin musiqisi, ədəbiyyatını yaxından öyrəndikdən sonra onda bu hisslər daha da güclənib. “Sevinirəm ki, mənə “İnsanın taleyi” kimi gözəl əsəri oxumaq və onu doğma dilimizə tərcümə etmək qismət olub. Oxucuların bu maraqlı kitabı lazımınca qiymətləndirəcəyinə əminəm”, -deyə tərcüməçi sözlərinə yekun vurub.

Mərasimin sonunda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Xanhüseyn Kazımlı deyib ki, ölkələrimiz arasında bir çox sahələrdə dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur, Azərbaycan və Macarıstan bütün məsələlərdə bir-birini dəstəkləyir. “Bu tədbir xalqlarımızın bir-birinə necə yaxın olduğunu bir daha nümayiş etdirdi. Macarıstanda Azərbaycan mədəniyyətinə böyük maraq göstərilir, bizim xalqımız da macarların mədəni dəyərlərinə bu cür maraqla yanaşır. Rasim Müzəffərli əhəmiyyətli iş görüb, ona daha böyük uğurlar arzulayıram”, -deyə parlamentin üzvü əlavə edib.

Qeyd edək ki, İmre Madaçın “İnsanın taleyi” dramı 1862-ci ildə işıq üzü görüb. Kitab 2017-ci ildə Azərbaycan dilinə tərcümə olunub. Ön sözün müəllifi Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.