İQTİSADİYYAT
Azərbaycan və Makedoniya iqtisadi-ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar VİDEO
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların vacibliyini vurğuladı. Nazir Azərbaycan-Makedoniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun əlaqələrin genişlənməsi istiqamətində fəaliyyətini xatırladaraq dedi: “Azərbaycan və Makedoniya arasında indiyədək dörd sənəd imzalanıb, bir sıra sənədlər isə müzakirə mərhələsindədir. Ticarət əlaqələri ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir”.
Azərbaycan və Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edən nazir, hüquqi bazanın genişləndirilməsinin vacibliyini, sənaye, kənd təsərrüfatı, tekstil, əczaçılıq və turizm sahələrinin inkişafı üçün imkanları diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Şahin Mustafayev bunun regional inkişafa əsas maneə olduğunu qeyd etdi.
Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirən Zoran Stavreski ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğuladı və inkişaf perspektivlərinə dair fikirlərini bölüşdü.
Tədbir çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya işgüzar görüşü də keçirildi. Görüşdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfdən kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə, konsaltinq sahələrində fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edirdi.
Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayaraq bildirdi ki, bu işgüzar görüş iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcək.
Azərbaycana səfərindən, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edən Zoran Stavreski dostluq zəminində qurulan münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı. O, azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində fəal iştiraka dəvət edərək ölkəsinin iqtisadiyyatına və biznes imkanlarına dair məlumat verdi.
Makedoniyanın Xarici İnvestisiyalar və İxracın Təşviqi Agentliyinin icraçı direktorunun müavini Kliment Sekerovski ölkəsinin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış etdi.
İşgüzar görüşdə Azərbaycan-Makedoniya iqtisadi əlaqələrinə və əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıldı.