İQTİSADİYYAT


Azərbaycan və Malayziya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə sənəd imzalanıb

Kuala Lumpur, 10 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə Malayziya Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Aqrar Tədqiqatlar və İnkişaf İnstitutu (MARDI) arasında kənd təsərrüfatının çəltikçilik və digər sahələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu sənəd Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramında qarşıya qoyulan hədəflərə nail olmağa öz töhfəsini verəcək.

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə onlayn formatda baş tutan mərasimdə əməkdaşlıq sənədini Azərbaycan Əkinçilik Elmi Tədqiqat İnstitutu adından institutun direktoru Faiq Xudayev və Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutunun Baş direktoru Mohamad Roff Noor imzalayıblar. İmzalanma mərasimi Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Malayziyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə keçirilib.

Məlum olduğu kimi, müvafiq dövlət proqramı ilə çəltik bitkisinin ərzaq təhlükəsizliyində xüsusi əhəmiyyəti qeyd olunub və bu sahədə dünyanın mütərəqqi təcrübəyə malik ölkələri ilə əməkdaşlığın inkişafı, kadr potensialının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi qarşıya məqsəd kimi qoyulub. Bu baxımdan çəltikçilik üzrə dünyada qabaqcıl ölkələrdən sayılan Malayziya ilə imzalanmış bu əməkdaşlıq sənədi xüsusi əhəmiyyət kəsb edir. Anlaşma Memorandumu tərəflər arasında birgə araşdırma, mütəxəssislərin qarşılıqlı mübadiləsi, qısa müddətli araşdırma proqramları və treninqlər, seminar və elmi konfransların təşkili, avadanlıqdan müştərək istifadə və digər sahələri əhatə edir.

Mərasimdə çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev imzalanan sənədi aqrar sahədə əməkdaşlığın ilkin addımı kimi yüksək dəyərləndirib və kənd təsərrüfatının başqa sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Q.Allahverdiyev iki ölkənin aqrar institutları arasında imzalanmış bu memorandumun, eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramında çəltikçiliyin inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə nail olmaq üçün öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Cənub-Şərqi Asiya regionunda kənd təsərrüfatının intensiv inkişafı ilə fərqlənən Malayziyada ərzaq məhsulu kimi düyü insanların gündəlik qida rasionunda əsas yer tutur və illik çəltik istehsalı təqribən 2,6 milyon ton təşkil edir. 1969-cu ildə təsis edilən MARDI bu ölkənin Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərir. MARDI Malayziyada kənd təsərrüfatının inkişafı siyasəti çərçivəsində bu sahəyə elmi, texnoloji və iqtisadi tədqiqatlar vasitəsilə dəstək vermək, habelə kadr potensialını gücləndirmək məqsədilə təsis edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.