SİYASƏT
Azərbaycan və Maldiv respublikalarının xarici işlər nazirləri arasında telefon danışığı olub
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələlər üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə humanitar sahədə əməkdaşlıq və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd əsasında Maldiv Respublikasından olan tələbələr üçün təhsil almaq imkanının yaradılması nazir Abdulla Şahid tərəfindən məmnunluqla vurğulanıb. Nazir Ceyhun Bayramov dost ölkələrin vətəndaşlarının Azərbaycanda elm və təhsil sahələrində fəaliyyətlərini həyata keçirmələri üçün hər zaman müvafiq şəraiti təmin etməyə hazır olduğumuzu qeyd edib.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və onun ixtisaslaşmış təsisatları çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
C.Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, yaranan yeni reallıqlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.