SİYASƏT
Azərbaycan və Misir parlamentləri arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb




Bakı, 11 iyun, AZƏRTAC
Misirdə səfərdə olan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 11-də bu ölkənin parlamentində Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev Azərbaycan ilə Misir arasında münasibətlərin tarixindən söz açıb, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Misirə səfəri ilə ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Diqqətə çatdırılıb ki, hazırda dövlət başçılarımızın ali siyasi iradəsi ilə bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Bildirilib ki, ikitərəfli əlaqələrin daha da inkişafı hər iki ölkənin marağına uyğundur. Eyni zamanda, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin, xüsusən Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın vacibliyini vurğulanıb.
Adil Əliyev Nümayəndələr Palatasının sədrinə Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə məscidlərə, digər abidələrə qarşı vandallıq aktları həyata keçirməsi, regiondakı postmüharibə dövrünün reallıqları, Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat verib.
Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali bu ilin mayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xüsusi iclasında iştirakını və çıxışını xatırlayaraq, səfər çərçivəsində keçirdiyi görüşlərdən böyük məmnunluqla bəhs edib.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.