İQTİSADİYYAT
Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq gücləndirilir
Kişineu, 29 sentyabr, AZƏRTAC
Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
AZƏRTAC Moldova İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin iqtisadiyyat naziri Serciu Qaybu ilə görüş keçirib. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edib, qarşılıqlı maraq doğuran sahələri və gələcək inkişaf barədə fikir mübadiləsi aparıblar.
Nazir S.Gaybu yaxın gələcəkdə nəzərdə tutulan prioritet vəzifələrdən danışıb. Öz növbəsində, diplomat azərbaycanlı investorların Moldovada iqtisadi fəaliyyətini davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, bu günə qədər Moldova ilə Azərbaycan arasında 51 ikitərəfli müqavilə imzalanıb. Moldovada ümumi sərmayə həcmi 35.253 milyon ley təşkil edən 122 Azərbaycan müəssisəsi qeydiyyatdan keçib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu