SİYASƏT


Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı, 7 mart, AZƏRTAC

Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Niderland tərəfindən isə XİN-in siyasi məsələlər üzrə baş direktorunun müavini Piter Yan Kleyveq de Zvan rəhbərlik ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələr zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Dövlət və hökumət başçıları arasındakı dialoqun, nazirlər səviyyəsində görüşlərin, habelə parlamentlərarası təmasların əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna rol oynadığı vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılıb, problemin həllinin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkün olduğu diqqətə çatdırılıb və Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyə görə Niderland tərəfinə təşəkkür ifadə edilib.

Söhbət zamanı, həmçinin regionda Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrində Niderlandın bir sıra şirkətlərinin uğurla fəaliyyət göstərdiyini qeyd edilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edilib, habelə təhsil, elm və mədəniyyət sahələrində təmasların iki ölkə xalqlarının daha da yaxınlaşması baxımından vacibliyi vurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq yüksək dəyərləndirilib, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.