İQTİSADİYYAT


Azərbaycan və Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanın iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ortaq tarixi, mədəni köklərə, dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan tərəfdaşlığının gücləndiyini və regional inkişafda rolunu vurğulayıb. Nazir ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb.

Tədbirdə ölkəmizin investisiya cəlbediciliyi barədə məlumat verilib, Özbəkistanla sənaye, investisiya, ticarət, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq imkanlarının böyük olduğu qeyd edilib. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı qeyd edib, Özbəkistan şirkətlərini bu ərazilərdə fəaliyyətə dəvət edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan iqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edib, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

Tədbirdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil, İqtisadi Zonalarının İnkişafı Agentliyi ilə “Uzbekipaksanoat” Assosiasiyası, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında memorandumlar imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.