CƏMİYYƏT
Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 22 may, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər gəlmiş Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ölkə arasında tarixi qardaşlıq münasibətləri üzərində əlaqələrin daim inkişaf etdiyini vurğulayan nazir milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə aparılan siyasətin, eyni zamanda, əmək resurslarının səmərəli məşğulluğunun təminatı prinsipinə əsaslandığını qeyd edib.
Nazir özbəkistanlı həmkarına əldə olunan uğurlar, işçi qüvvəsinin daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq rəqabət qabiliyyətinin artırılması, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində ölkəmizdə aparılan işlər barədə məlumat verib. O, məşğulluq xidmətlərinin təkmilləşdirilməsinin və əmək bazarında rolunun artırılmasının da əsas hədəflərdən olduğunu, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
Görüş zamanı S.Babayev Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Özbəkistan tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Ş.Kudbiyev Özbəkistanda əmək bazarında mövcud vəziyyətdən, ölkəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə həyata keçirilən aktiv tədbirlərdən, aparılan məşğulluq siyasətinin əsas istiqamətlərindən bəhs edib. O, həmçinin ölkəsinin Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazır olduğunu söyləyib.
Görüşdə ikitərəfli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadilələrinin daha geniş müstəvidə qurulması üçün yaxşı imkanların mövcud olduğu və həmin imkanların reallaşdırılması üçün tərəflərin müvafiq səy göstərəcəkləri vurğulanıb. Həmçinin, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədin də hazırlanmasına dair yekdil fikir ifadə olunub.