MƏDƏNİYYƏT
Azərbaycan və Özbəkistan modelyerləri əməkdaşlıq haqqında memorandum imzalayıblar
Daşkənd, 16 mart, AZƏRTAC
Martın 20-də “Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə keçiriləcək "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsində iştirak etmək üçün Özbəkistana gələn tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova ilə paytaxtdakı “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanmasının əsas məqsədi dəb sənayesi sahəsində layihələrin həyata keçirilməsi, Özbəkistanın və Azərbaycanın yaradıcı şəxsiyyətləri arasında əməkdaşlığın möhkəmləndirilməsidir.
Sənəd Özbəkistanın Tətbiqi İncəsənət Muzeyində imzalanıb. Muzeyin direktoru Abbasjon Mirzaraximov bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir və dəb sənayesi sahəsində də əlaqələrin qurulması sevindiricidir.
Sonra o, Fəxriyyə Xələfovaya muzey haqqında kitablar təqdim edib.
Fəxriyyə Xələfova deyib ki, çoxdan Özbəkistana gəlmək, buradakı modelyerlərlə əlaqələr qurmaq haqqında düşünürdüm. Çox şadam ki, qonaqpərvər Özbəkistandayam və bundan sonra bu ölkənin modelyerləri ilə sıx əlaqədə olacağıq. O bildirib ki, son vaxtlar müxtəlif geyim modellərinin hazırlanmasında özbək parçalarından da istifadə edir.
Fəxriyyə Xələfova özbək parçasından hazırladığı qadın geyimini muzeyə, Abbasjon Mirzaraximov isə Fəxriyyə xanıma sertifikat və təşəkkürnamə təqdim edib.
Gülnara Muxammedova gördükləri işlər haqqında məlumat verib, Azərbaycan modelyeri ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd