SİYASƏT


Azərbaycan və Özbəkistan müstəqil siyasət aparan strateji tərəfdaşlardır

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov çıxış edib.

E.Aripov bildirib ki, bu ilin ilk üç ayının yekunlarına görə, Azərbaycan ilə Özbəkistan arasında əmtəə dövriyyəsi 20 faiz artıb. “Müşahidə olunan perspektivdə biz ticarətin həcmini yarım milyard dollara çatdıra bilərik. Hazırda müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, inşaat materialları istehsalı və turizm sahələrində konkret layihələrin işlənib hazırlanması üzrə əməli addımlar atılır. Bizim kənd təsərrüfatı məhsullarının təkrar emalına və bazarlara ixracına yönəldiləcək aqrologistika klasterlərinin yaradılması çox perspektivli olacaq. Bu yaxınlarda toxuculuq sənayesi, dəri istehsalı, zərgərlik işi və digər sahələrdəki istehsalçılarımızla sənaye kooperasiyasının qurulması üçün Azərbaycan şirkətlərinin cəlb edilməsinə dair işlərin fəallaşdırılması üzrə razılaşma əldə olunub”, - deyə o əlavə edib.

Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru nəqliyyat sahəsinə toxunaraq deyib: “Həm Azərbaycan, həm də Özbəkistan Transxəzər dəmir yolu dəhlizi çərçivəsində Mərkəzi Asiya, Cənubi Qafqaz, eləcə də Avropa ilə Asiya qitəsinin digər dövlətləri arasında əlaqələndirici rolunda çıxış edir. Qarşılıqlı daşımaların genişləndirilməsi, ölkələrimizin tranzit potensialının artırılması məsələləri böyük əhəmiyyət kəsb edir. Bütün bu istiqamətlər haqqında danışarkən vurğulamalıyıq ki, qarşılıqlı faydalı siyasi dialoq yaratmaq, Mərkəzi Asiya, Cənubi Qafqaz ilə transmilli kommunikasiya əlaqələrini möhkəmləndirmək, tələbat olan iqtisadi layihələr həyata keçirməklə həm Özbəkistan, həm də Azərbaycan ölkələrimizin dayanıqlı inkişafına kömək edəcək əlverişli şəraitin yaradılması üçün möhkəm təməl qoyacaqlar”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Özbəkistanın postsovet məkanında heç bir hərbi-siyasi bloka qoşulmayaraq müstəqil siyasət həyata keçirən yeganə dövlətlər olduğunu diqqətə çatdırıb. O deyib: “Hər iki ölkədə siyasi sabitlik müşahidə olunur. Ölkələr bazar iqtisadiyyatının inkişafı, qlobal iqtisadiyyatla bağlı islahatların davam etdirilməsini və genişləndirilməsini hədəf götürüblər”.

Fərid Şəfiyev əlavə edib ki, Azərbaycan Özbəkistan ilə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməlidir. Azərbaycan digər ölkələrlə - Türkmənistan, Qırğızıstan, Tacikistanla da işləməyi hədəfləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatı ilə yanaşı, hazırda alternativ enerji sahəsi də inkişaf edir. Azərbaycan bu sahədə də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Özbəkistana minnətdarlığını bildirən F.Şəfiyev qeyd edib: “Özbəkistan işğaldan azad olunan ərazilərdə layihələr həyata keçirir, Azərbaycana bu işdə kömək edir. Hər bir, hətta ən kiçik töhfə bizim üçün qiymətlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.