ELM VƏ TƏHSİL
Azərbaycan və Pakistan alimləri birgə elmi layihələr hazırlamağı planlaşdırırlar
Bakı, 1 dekabr, AZƏRTAC
Pakistan elmini təmsil edən böyük şəxslər, fikir adamları var. İstərdik ki, gələcək əlaqələrimizdə bu elm adamları ilə yaxından tanış olaq, birgə əməkdaşlıq edək və elmi konfranslar keçirək.
Bu sözləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru Fərhad Nur və həmin institutun elmi işçisi Asif Məhəmməd Nurla görüşündə çıxışı zamanı deyib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun elmi fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verilib, gələcəkdə birgə elmi layihələrin hazırlanması barədə müzakirələr aparılıb. İlham Məmmədzadə çıxışında onu da vurğulayıb ki, “Şuşa İli” və “Heydər Əliyev İli” ilə əlaqədar birgə elmi konfransların təşkili və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Azərbaycan-Pakistan dostluq əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən söz açıblar. Həmçinin institut alimlərinin Pakistan elmi cəmiyyəti ilə qurulan əlaqələrindən, bu ölkənin elmi jurnalları ilə əməkdaşlıqlarından danışıblar.
Pakistanlı alimlər bundan sonra da birgə elmi əlaqələrin inkişafı üçün çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, 2021-ci ilin əvvəllərində Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında memorandum imzalanıb.