SİYASƏT


Azərbaycan və Portuqaliya XİN-ləri birgə kommünike yayıblar

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Son üç onillik ərzində Azərbaycan və Portuqaliya ikitərəfli münasibətlərin inkişafına birgə töhfə vermiş və iki ölkə arasında əlaqələrin irəliləyişinin şahidi olmuşlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycan Respublikası və Portuqaliya Respublikası Xarici İşlər nazirliklərinin birgə mətbuat kommünikesində əksini tapıb.

Bildirilib ki, bu gün ölkələrimizi ortaq maraqlar və tarixi dostluq əlaqələri birləşdirir. Biz, əlaqələrimizi möhkəmləndirən və ölkələrimiz arasında qarşılıqlı anlaşmaya kömək edən münasibətlərimizin müsbət inkişafını alqışlayırıq.

Diqqətə çatdırılıb ki, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi, əlaqələrimizin müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlıq və dostluq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Ölkələrimiz arasında qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qədim tarixə malikdir. Avropa İttifaqı çərçivəsində isə əməkdaşlıq istər ikitərəfli, istərsə də çoxtərəfli sahələrdə genişlənir.

“Fürsətdən istifadə edərək münasibətlərimizi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlar çərçivəsində inkişaf etdirmək niyyətimizi bildirmək istərdik. Diplomatik münasibətlərimizin 30 illiyi təkcə qeyd etmək üçün bir səbəb deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli gündəliyin genişləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı öhdəlik nümayiş etdirmək üçün mühüm bir fürsətdir.

Biz qarşılıqlı şəkildə hər iki millətə və xalqa sülh, əmin-amanlıq və tərəqqi arzularımızı ifadə edirik”, - deyə kommünikedə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.