İQTİSADİYYAT
Azərbaycan və Qazaxıstan universitetlərinin tələbələri ilə ətraf mühitin mühafizəsi mövzusunda onlayn görüş keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” təşkilatı (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) gənc nəslə ətraf mühitin mühafizəsi istiqamətində müasir təcrübələrin aşılanması məqsədilə Azərbaycan və Qazaxıstan respublikalarının qabaqcıl ali təhsil müəssisələrinin 250 nəfərədək müəllim və tələbə heyəti ilə onlayn görüş keçirib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Atırau Neft və Qaz Universitetinin, Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin, Qazax-Britiş Texniki Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ADA Universitetinin rəhbərləri və müəllim-tələbə heyəti iştirak edib.
Görüşdə giriş sözü ilə CEPI-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edib. “Equinor”, “Total” və “KazMunayGaz” şirkətlərinin aparıcı ekspertləri təqdimatla çıxış edərək tələbələrə aparıcı neft-qaz şirkətləri tərəfindən ətraf mühitin mühafizəsi, xüsusilə iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində tətbiq olunan texnologiyalar haqqında məlumat verib, uğurlu layihələrin nəticələrini misal göstəriblər. Görüşdə, həmçinin CEPI İcra Komitəsinin üzvi, “Equinor Absheron A.S.” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və BMT-nin İnkişaf Proqramının ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti iştirak edib.
Xatırladaq ki, “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” 2020-ci il sentyabrın 14-də yaradılıb. Xəzər regionunda fəaliyyət göstərən neft və qaz şirkətlərinin ətraf mühitin mühafizəsi sahəsində yaratdığı ilk ictimai təşəbbüs olan CEPI-nin məqsədi atmosferə atılan karbon tullantılarının sıfıra endirilməsi hədəflərinin iqtisadi mümkün şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində neft və qaz fəaliyyəti sahəsində ekoloji dayanıqlılığın təşviq edilməsidir.