İQTİSADİYYAT


Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan və Rusiyanın kiçik və orta biznes (KOB) subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində təşkil olunmuş dəyirmi masada Azərbaycan və Rusiya arasında xüsusilə sərhədyanı bölgələrdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları, KOB-lar arasında birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Rusiyanın Kiçik və Orta Sahibkarlıq Korporasiyasının təşkilatçılığı ilə keçirilmiş dəyirmi masada Dağıstanın İqtisadiyyat və Ərazi İnkişaf nazirinin müavini Hacıamin Ramaldanov, “Dağıstanın İnkişafı Korporasiyası” ASC-nin baş direktoru vəzifəsini icra edən Rinat Turabov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və “Binə Aqro” MMC-nin nümayəndələri, eləcə də Azərbaycan və Rusiya tərəfindən sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın inkişafının Azərbaycan və Rusiya üçün prioritet olduğunu, hər iki ölkənin iqtisadiyyatının inkişafında KOB-ların rolunun artdığını və sahibkarların bir sıra dəstək mexanizmlərindən yararlandığını qeyd edib. Bildirilib ki, KOBİA kiçik və orta sahibkarlar arasında sərhədyanı əməkdaşlığın genişləndirilməsində böyük potensial görür və yerli şirkətlər bu sahədə əməkdaşlığa təşviq olunur.

Rusiyanın Kiçik və Orta Sahibkarlıq Korporasiyasının icraçı direktoru Aleksandr Braverman Rusiyada kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və dəstək tədbirləri, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq imkanları barədə danışıb, sərhədyanı əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Dəyirmi masada Azərbaycan və Rusiyanın KOB subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair bir sıra təkliflər səsləndirilib, qarşılıqlı biznes missiyaların təşkili barədə təklif sahibkarlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, dəyirmi masa 2018-ci ildə KOBİA və Rusiyanın Kiçik və Orta Sahibkarlıq Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu və Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası məqsədilə təşkil edilib. İlk belə dəyirmi masa 2018-ci ildə Bakıda təşkil olunmuş 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.