CƏMİYYƏT
Azərbaycan və Rusiya sərhəd qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 12 avqust, AZƏRTAC
Qusar şəhərində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və Rusiya Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizinin akvatoriyasında mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin demarkasiya işlərinin həyata keçirilməsində birgə fəaliyyətlərin davam etdirilməsi, gələcək əməkdaşlığın perspektivləri üzrə məsələlər nəzərdən keçirilib.
Azərbaycan və Rusiya sərhəd qurumlarının rəhbərləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, qarşılıqlı əlaqələrin dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizəyə əhəmiyyətli töhfə verdiyini vurğulayıblar.
Müzakirələrdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında saxlanılmasının sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalması vurğulanıb.
Görüşün sonunda “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu” imzalanıb.