ELM VƏ TƏHSİL


Azərbaycan və Rusiya şərqşünaslarının elmi əlaqələri genişlənir

Bakı, 3 dekabr, AZƏRTAC 

Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun yaranmasının 200 illiyi münasibətilə “Rusiya və Şərq. Akademik şərqşünaslığın 200 illiyi” mövzusunda keçirilən beynəlxalq forumda ölkəmiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibində AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, forumun işində 20 ölkədən 300-dən çox alim iştirak edib. Forumun təntənəli açılış mərasimində geniş nitq söyləyən A.Əlizadə REA-nın Şərq Əlyazmaları İnstitutunun kollektivini yubiley münasibətilə təbrik edib. AMEA-nın prezidenti Azərbaycan əlyazmaları haqqında kitabları Şərq Əlyazmaları İnstitutunun direktoru, professor İ.Popovaya təqdim edib.

Forumun ikinci günündə isə Azərbaycan alimləri adından Nərgiz Axundova çıxış edib.

Daha sonra “dəyirmi masa”lar keçirilib. Azərbaycanlı alimlər “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər” mövzusunda “dəyirmi masa”da iştirak ediblər. G.Baxşəliyevaya vaxtilə Rusiya və Azərbaycan şərqşünasları arasında mövcud olmuş sıx əlaqələrdən söhbət açıb və bu gün də həmin əlaqələrin bərpasına böyük ehtiyac olduğunu vurğulayıb.

Sonra AMEA-nın Şərqşünaslıq İnstitutu ilə REA Şərq Əlyazmaları İnstitutu arasında elmi-təşkilati əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolda institutların şöbələrinin birgə layihələr həyata keçirməsi, tədqiqatlar aparması, elmi işçilər və doktorantlar üçün qarşılıqlı təkmilləşdirmə kurslarının təşkili, elmi, dövri ədəbiyyat və kadr mübadiləsi nəzərdə tutulur.

Protokolu G.Baxşəliyeva və İ.Popova imzalayıblar.

Sonra G.Baxşəliyeva postsovet dövründə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. O bildirib ki, 60 il öncə yaradılmış Şərqşünaslıq İnstitutunun qarşısında duran başlıca vəzifə Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mәdәni inkişafının qanunauyğunluqlarının öyrәnilmәsidir. Yüksəkixtisaslı kadrların sayəsində institutda aparılan tədqiqatların mövzu dairəsi də genişləndirilib. Kollektivin əsas fəaliyyəti Şәrq xalqlarının tarixinə, iqtisadiyyatına, ictimai-siyasi fikrinə və filologiyasına dair aktual problemlərin kompleks tədqiqinə yönəlib. Bundan əlavə, institutda ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparılır. Keçmiş İttifaqın şərqşünaslıq mərkəzləri ilə sıx əlaqə, elmi təcrübə mübadiləsi Azərbaycana bu sahənin inkişafına böyük kömək göstərib.

G.Baxşəliyeva tədbir iştirakçılarına bu gün Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən şöbələr və nəşr olunan fundamental əsərlər barədə ətraflı məlumat verib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçıları postsovet məkanında şərqşünaslıq sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi yolları barədə fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.