CƏMİYYƏT
Azərbaycan və Rusiya seysmoloqları Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində RSXM-in baş direktoru ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra ikitərəfli görüşlər də keçirib. Həmçinin, Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Elmi - texniki əməkdaşlıq” haqqında Razılaşma sənədi imzalanıb. Sənədi universitetin rektoru Vadim Kosyanov və mərkəzin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzər dənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.