CƏMİYYƏT
Azərbaycan və Səudiyyənin qida mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı, 31 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qurumun fəaliyyət istiqamətləri, hədəflər, həmçinin əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, o cümlədən bitki mühafizəsi və karantini sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələr zamanı təkliflər irəli sürülüb və layihə üzərində işin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Anlaşma Memorandumu layihəsinin hər iki dövlət orqanı arasında fitosanitar tədbirlərin əlaqələndirilməsi, eləcə də bərabərlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında uzunmüddətli əməkdaşlıq məqsədi daşıdığı bildirilib. Əməkdaşlıq çərçivəsində iki ölkənin müvafiq qurumlarının bitki mühafizəsi və karantini sahəsində birgə səy göstərməsinin zəruriliyi vurğulanıb.