ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyə alimlərinin birgə beynəlxalq qrant müsabiqəsinə layihə qəbulu aparılır
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə alimlərinin elmi-tədqiqat layihələri qəbul olunur.
Bu barədə AZƏRTAC-a Elmin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, layihələrin qəbulu noyabrın 5-dək davam edəcək. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.
2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.
Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Layihələr müsabiqəyə təqdim olunduğu gündən etibarən araşdırılacaq və nəticələri barədə iştirakçılara elektron qaydada məlumat veriləcək.