CƏMİYYƏT


Azərbaycan və Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir dostluq və qardaşlıq münasibətlərimizin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib. Bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə yaxın olan ikinci ölkə yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanında olaraq ilk gündən qardaş ölkənin bütün yüksək rəsmi şəxsləri, o cümlədən ədliyyə naziri Abdulhamit Gül Azərbaycana mənəvi və siyasi dəstəyini ifadə ediblər.

Türkiyənin Baş prokuroru ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təbrik edib. O, müharibə dövründə azərbaycanlı həmkarları ilə daim təmasda olduğunu və hadisələri yaxından izlədiyini söyləyib, Azərbaycanın zəfərindən çox şad olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın sevinci bütün türk xalqının sevincidir.

Görüşdə zəngin müqavilə-hüquq bazasına söykənən əlaqələrin inkişafı, iki ölkənin məhkəmə, ədliyyə və prokurorluq orqanlarının ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı və gələcək perspektivlər vurğulanıb, səfərin qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, məhkəmə-hüquq islahatları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda hakimlərin şəffaf seçiminə toxunularaq, onların tədrisində qardaş ölkənin dəstəyi və digər birgə tədbirlərin səmərəsi qeyd edilib. Bəkir Şahin ölkəsində də məhkəmə islahatlarının davam etdiyini bildirərək bu sahədə yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir, həmçinin tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki yeni səfiri Cahit Bağçını təyinatı münasibətilə təbrik edib, ona uğurlu fəaliyyət arzulayıb.

Qonaqlar nazirlikdə Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair yeni eksponatlarla zənginləşdirilmiş muzeylə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş xüsusi stendlərlə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.