CƏMİYYƏT


Azərbaycan və Türkiyə arasında sağlamlıq turizminin inkişaf etdirilməsi müzakirə olunub

Bakı, 27 noyabr, AZƏRTAC 

Noyabrın 27-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyi yanında Beynəlxalq Səhiyyə Xidmətləri Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cevat Şengül və baş direktor Mehmet Ali Kılıçkayanı ilə görüşüb.

Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Cengiz Güneş və agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov iştirak ediblər.

Tədbirdə çıxış edən Zaur Əliyev Azərbaycan-Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyə Respublikasının təcrübəsi öyrənilib. Z.Əliyev gələn ildən etibarən ölkədə icbari tibbi sığortaya keçid və keçidlə əlaqədar aparılan hazırlıq və maarifləndirmə işləri, həmçinin pilot layihə çərçivəsində Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə də məlumat verib.

Cevat Şengül öz növbəsində rəhbərlik etdiyi cəmiyyətin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O əsas hədəfin Türkiyəni dünyanın öndə gedən səhiyyə xidməti təchizatçılarından birinə çevirmək olduğunu qeyd edib. Bununla bağlı, beynəlxalq səviyyədə Türkiyədə göstərilən səhiyyə xidmətlərinin tanıdılmasını və ictimai, özəl sektorun sağlamlıq turizminə istiqamətli fəaliyyətlərini dəstəklədiklərini, bu prosesləri koordinasiya etdiklərini, səhiyyə xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və akkreditasiya meyarları mövzusunda Səhiyyə Nazirliyinə təkliflər irəli sürdüklərini vurğulayıb.

Görüşdə həmçinin icbari tibbi sığorta sistemi çərçivəsində göstərilən səhiyyə xidmətlərinin rəqabət gücünün qiymətləndirilməsi, icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin imkanlarının tanıdılması, o cümlədən keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının təmin olunması nəticəsində sağlamlıq turizminin inkişaf etdirilməsi mövzuları müzakirə olunub.

Görüşün sonunda C.Şengül Azərbaycanda yeni başlanacaq icbari tibbi sığorta sistemi ilə bağlı atılan addımları dəstəklədiyini və səhiyyə xidmətləri istiqamətində istənilən təklif və tövsiyələrin verilməsinə hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.