Azərbaycan və Türkiyə bank sektorları arasında təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə olunub
AzerTAg.az
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin üzvləri ilə Türkiyə Banklar Birliyinin (TBB) Rəyasət Heyətinin sədri, “Ziraat Bankası”nın baş meneceri Alpaslan Çakarın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Zakir Nuriyev iki ölkənin iqtisadiyyatlarının müasir bank-maliyyə xidmətləri ilə müşayiət olunmasının əhəmiyyətindən danışıb və bank sektorları arasında təcrübə mübadiləsinin daha da genişləndirilməsinin önəmini qeyd edib. Zakir Nuriyev uzun illərdir TBB və ABA arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə verilən dəstəyə görə təşəkkür edib. Öz növbəsində, Alpaslan Çakar Birliklər arasındakı əməkdaşlığın bundan sonra da davam etdirilməsinə hazır olduqlarını və bu əməkdaşlığın önəmini vurğulayıb. Bununla yanaşı, o, yayda Türkiyədə baş verən meşə yanğınları nəticəsində zərər görmüş meşələrin bərpası üçün ağac tinglərinin bağışlanmasına görə ABA üzvlərinə bir daha təşəkkürünü bildirib və “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”nın müvafiq sertifikatını Zakir Nuriyevə təqdim edib.
Xatırladaq ki, ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 min 846 ədəd ağac tingi bağışlanıb və ABA ən çox ağac bağışlayan ikinci təşkilat olub.


Xəbərin mətnində orfoqrafik səhv var