CƏMİYYƏT


Azərbaycan və Türkiyə din xadimlərinin Şuşaya səfəri başa çatıb

Şuşa, 28 Oktyabr, AZƏRTAC, Elmir Səftərov

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Türkiyə Diyanət İşləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya səfəri oktyabrın 28-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, səfərin ikinci günündə din xadimləri Cıdır düzündə olub, Molla Pənah Vaqifin məqbərəsini və Qala divarlarını ziyarət ediblər.

Cıdır düzündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, onlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.

Qonaqlara Cıdır düzü haqqında məlumatlar verilib. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.

Din xadimləri sonra Vaqifin məqbərəsini ziyarət ediblər. Qonaqlara məqbərə haqqında məlumat verilib. Qeyd olunub ki, bütün digər tarixi abidələrimiz kimi Vaqif məqbərəsi də erməni vandalizminə məruz qalıb. Bu gün isə məqbərə tam bərpa edilib və məqbərənin ikinci açılışı isə 2021-ci ilin avqustunda olub.

Şuşa səfəri Qala divarlarına ziyarətlə yekunlaşıb. Qonaqlara Qala divarları haqqında məlumatlar verilib.

Bununla da Azərbaycan və Türkiyə din xadimlərinin Şuşaya səfəri başa çatıb.

Qeyd edək ki, Qarabağa səfər çərçivəsində iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını öz gözləri ilə görüb, Azərbaycan dövləti tərəfindən aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.