CƏMİYYƏT


Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti beynəlxalq “Zəfər düşərgəsi”nin açılışı keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən növbəti beynəlxalq “Zəfər düşərgəsi”nin açılışı olub.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, düşərgənin məqsədi hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin ortaq həyata keçirdiyi layihələrin və tədbirlərin sayının artırılması, Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunmasıdır.

Açılış mərasimi hər iki Dövlətin Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclik Vəqfinin icraçı direktoru Enes Eminoğlu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və digər şəxslər açılış nitqləri söyləyiblər.

Natiqlər çıxışlarında bu ilin iyulun 25-31-də Naxçıvan şəhərində uğurla keçirilən beynəlxalq “Zəfər düşərgəsi”nin hər iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayaraq, düşərgə müddətində gənclərin qardaş dövlətlərin tarixi və mədəniyyətinə dair geniş biliklər əldə etdiklərini bildiriblər. Uğurla yekunlaşan sonuncu düşərgənin davamı olaraq, Qaziantep şəhərində keçiriləcək düşərgənin də eyni maraqla qarşılanacağına əminlik ifadə edilib.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış Zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımız xüsusi vurğulanıb. Bu tarixi Qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin və rəsmilərinin göstərdiyi siyasi və mənəvi dəstəkdən söz açılıb, hər iki ölkə gənclərinin ümummilli maraqlara xidmət edən mövzular ətrafında irimiqyaslı layihələrə cəlb olunmasının əsas məqsədlərdən biri olduğu diqqətə çatdırılıb.

Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən olan, hər iki ölkədən 100 iştirakçı olmaqla, ümumilikdə 200 gəncin iştirakı ilə baş tutacaq düşərgə 19-25 oktyabr tarixlərini əhatə edəcək.

Düşərgə müddətində iştirakçılar iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, gənclərin hər iki ölkənin tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər edəcək, asudə vaxtın səmərəli təşkili üçün müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunacaqlar.

Hər iki ölkənin Gənclər Fondu tərəfindən gələcəkdə də irimiqyaslı düşərgə və layihələrin təşkili planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.